Layihə silsilə beynəlxalq onlayn konfranslardan və forumlardan ibarət olub, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, sosial aktiv gənclər, sahibkarlar və ekspertlərin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində iştirakçı ölkələrin hər biri silsilə konfrans və forumlara ev sahibliyi edəcək.
Layihə, Covid-19 virusunun iqtisadiyyatın bir çox sahəsinə vurduğu zərərlərin qarşısının alınması məqsədiylə iqtisadi və sosial sahələrdə mübarizə üçün təklif planının hazırlanması, yeni mübarizə strategiyalarının izlənməsi, beynəlxalq təcrübələrin tətbiq olunması, vətəndaş cəmiyyətinin rolunun genişləndirilməsi və beynəlxalq fikir mübadiləsi məqsədini daşıyır. Karantin müddəti sona çatdıqdan sonra bu konfransların nəticəsi olaraq müxtəlif ölkələrdən qoşulmuş ekspertlərimizlə birgə “Beynəlxalq Sahibkarlar Formu”un təşkil olunması nəzərdə tutulub. Layihə çərçivəsində yaranmış beynəlxalq şəbəkənin genişləndirilməsiylə müxtəlif ölkə nümayəndələri arasında əməkdaşlıq yaradılacaq.
Layihənin, "COVID-19 virusunun iqtisadiyyatın bir çox sahələrinə vurduğu zərər: Vətəndaş cəmiyyəti və özəl sektorların rolu və problemin həlli yollarının müzakirəsi" adlı ilk onlayn beynəlxalq konfransı 1 May 2020-ci il tarixində həyata keçirilmişdir.
MG Consultingin direktoru Məhəmməd Quluzadənin moderatorluğu ilə ilk beynəlxalq konfransın ev sahibi Azərbaycan oldu. Konfrans çərçivəsində Azərbaycanın Covid-19 virusu ilə mübarizə modeli, atılan müsbət addımlar və görülən işlər haqqında xarici ölkə nümayəndələrinə yüksək səviyyədə təqdimat hazırlanmış və təqdim edilmişdir. Layihədə ICNL, ECNL və BMT-nin Xüsusi Məruzəçisi Fionnuala Ni Aolain ilə birgə hazırlanan “COVID-19 Civic Freedom Tracker”adlı raport iştirakçılarla paylaşılmışdır. Bundan əlavə olaraq konfransa ABŞ, Almaniya Estonya, Gürcüstan, İspaniya, İsrail, İndoneziya, İran, İsveçrə, Rusiya, və Özbəkistandan müxtəlif ekspertlər, təşkilat nümayəndələri və sahibkarlar qoşulmuşdur. İştirakçılar layihəni böyük maraqla qarşılamış və gələcəkdə Azərbaycanla əməkdaşlıq üçün təkliflər irəli sürmüşdür.
İkinci beynəlxalq konfrans növbəti günlərdə, vətəndaş cəmiyyəti, dövlət və özəl sektor nümayəndələrinin birgə təşkilatçılığı ilə baş tutacaqdır.